Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhid İbrahim Hüseynlinin doğum günü qeyd edilib

29 may 2021 | 16:00


Azərbaycan xalqı Vətən torpaqlarının bütövlüyü, işğaldan azad edilməsi, onu işğalçılardan təmizləmək məqsədi ilə bir yumruq tək birləşdi. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ savaşında qazanılan zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi yaddaşlara yazıldı. İllər ötsə belə 44 günlik Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımızı hər zaman yad edəcəyik. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanlm Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Yevlaxda da hər zaman örnək götürülür. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin doğum günlərində onların məzarlarının, ailələrinin ziyarət olunması ənənə halını alıb.  Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran oğullarımızdan biri də şəhid, müddətdən artıq xidmət edən hərbi qulluqçu İbrahim İsa oğlu Hüseynlidir. Vətən torpaqlarının azadlığı naminə ölümün gözünə dik baxaraq şəhidlik zirvəsinə ucalmış İbrahim Hüseynlinin bu gün 29 yaşı tamam olur. Bununla əlaqədar göstərdiyi igidliyə görə ölümündən sonra  “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif olunmuş şəhidin  doğum günü qeyd edilib.
Yevlax şəhər İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri şəhidin uyuduğu Yevlax şəhər Şəhidlər Xiyabanına gələrək   igid Vətən oğlunun məzarını ziyarət edib üzərinə tər çiçəklər düzüb, əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra şəhidin doğulub boya başa çatdığı Qoyunbinəsi kəndindəki evində onun ailəsi ziyarət edilib. Söhbət zamanı 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açılıb və bu qələbədə payı olan İbrahim Hüseynli kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyi bildirilib.
İbrahim Hüseynlinin doğum günü ərəfəsində Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbi tərəfindən şəhidin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri təşkil edilib. Turnirin qaliblərinə şəhidin ailə üzvləri tərəfindən diplomlar təqdim edilmişdir.
Şəhid ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya ölkə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər