Şriftin ölçüsü :

Saytın rəngi :

AXC-nin 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ BAYRAM TƏDBİRİ

01 iyun 2018 | 16:00

Mayın 25-də geniş səhnəsi əlvan dekorasiya və xüsusi zövqlə bayramsayağı bəzədilmiş Heydər Əliyev adına Sarayda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirildi. İlk öncə iştirakçıların gurultulu alqışlarının müşaiyəti ilə hərbi geyimli gənclər üçrəngli dövlət bayrağımızı səhnəyə gətirdilər. Geniş tamaşaçı kütləsinin və 1 nömrəli uşaq musiqi məktəbinin xor kollektivinin birlikdə ifa etdikləri Dövlət Himnindən sonra tədbir açıq  elan olundu.


Sonra ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk müstəqil dövlətimizin yaranmasının 100-cü ildönümünün tamam olması münasibətilə Şəhər İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova “Xalqımız Azərbaycanı həmişə müstəqil və qüdrətli görmək istəyir” mövzusunda  geniş məruzə ilə çıxış  etdi.Xalqımızın milli dövlətçiliyə nail olmaq  arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışan natiq ilk müstəqil dövlətimizin ürəklərdə alovlandırdığı məşəli sonradan təqribən 70 il hökmranlıq edən totalitar rejimin cəza-repressiya maşınının belə söndürə bilmədiyini diqqətə çatdırdı, Əksinə, bu təzyiq və təqiblərin xalqımızın azadlıq ideylarını daha da  gücləndirdiyini qürur  hissilə vurğuladı. Qeyd etdi  ki, XX əsrin ortalarından etibarən keçmiş SSRİ məkanında o cümlədən ölkəmizdə baş qaldıran milli oyanış dalğası qarşısıalınmaz xalq hərəkatına çevrildi. Və nəhayət 1991-ci ildə yenidən müstəqillik əldə etmək şansı qazandıq.Lakin o vaxtkı səbatsız rəhbərlərin səriştəsizliyi və hakimiyyət uğrunda daxili çəkişmələr, üstəlik mənfur ermənilərin ərazi  iddiası  ilə ölkəmizə təcavüzü müstəqilliyimizi və ərazi bütövlüyümüzü ciddi təhlükə qarşısında qoydu.

Belə bir vəziyyətdə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev vətənimzin xilaskarı kimi ali missiyanı böyük məsuliyyyət, şərəf və ləyaqətlə yerinə yetirdi.
Məruzəçi sözünə davam edərək  onu xüsusi pofosla  ifadə  etdi ki, ulu öndər yenidən əldə etdiyimiz müstəqilliyimizi Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi və ömrünü ölkənin inkişafına, müstəqilliyinin daha etibarlı təməllər üzərində qurulmasına  sərf  etdi.
O, həmçinin əsası ulu öndər tərəfindən qoyulmuş azad, müstəqil və suveren  respublikamızın son 15 ildə əldə etdiyi uğurlardan da söz açdı.

Qeyd  etdi ki, Prezidentimiz  İlham Əliyev cənablarının yeritdiyi düzgün, məqsədyönlü, balanslaşdırılmış və uzaqgörən siyasət sayəsində ölkəmizin iqtisadi, hərbi və müdafiə qüdrəti durmadan güclənir,  dünyanın sözü keçən, nüfuz sahibi olan  ölkələrindən biri  kimi  tanınır.
  Məruzəçi çıxışının sonunda əlamətdar tarixi ildönümü münasibətilə yevlaxlıları təbrik etdi və yüksək  bayram   əhval-ruhiyyəsi arzuladı.
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərin, disputların, elmi-praktik konfransların kulminasiyası olan təntənəli tədbir bayram konserti ilə sona çatdı.

Keçidlər