Şriftin ölçüsü :

Saytın rəngi :

İLİN NƏTİCƏLƏRİ ÇIXIŞLARDA DA ƏKS OLUNDU

22 fevral 2018 | 16:00

PREZİDENT ADMİNİSTRASİYASININ MƏSUL İŞÇİSİ VƏFADAR BAĞIROV: ESTAFET LƏYAQƏTLƏ DAVAM ETDİRİLİR

Şəhər İcra Hakimiyyəti Başçısının hesabat məruzəsini və çıxışları dinlədik. Hər şey haqqında danışıldı; görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr.

Mən isə öz növbəmdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2017-ci ildə  ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan  vəzifələr  barədə fikirlərimi sizinlə bölüşmək istərdim.
Hər birimizə məlumdur ki, yola saldığımız 2017-ci ildə  dünyada və yaşadığımız regionda təhlükələr, risklər artmış, qanlı münaqişələr davam etmiş, yeni münaqişə ocaqları yaranmışdır. Belə bir şəraitdə Azərbaycan  öz inamlı inkişafını davam etdirmiş, ölkənin təhlükəsizliyi təmin olunmuş, xalqımız əmin-amanlıq şəraitində yaşamışdır.
Ötən il iqtisadi sahədə çox böyük uğurlar əldə edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşmışdır. Ölkəmiz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyini qoruyur və möhkəmləndirir.
2017-ci ildə ümumi daxili məhsul 0,1 faiz artmış, qeyri-neft sektorunda isə artım 2,5 faiz təşkil etmişdir. Qeyri-neft sənayesi 3,6, kənd təsərrüfatı 4,1, ixrac 19, qeyri-ixrac isə 24 faiz artmışdır.
Hər zaman olduğu kimi, məcburi köçkünlərin problemləri diqqət mərkəzində olmuşdur. 2300  ailə yeni evlərə köçürülmüş, 12 mindən çox köçkün yeni mənzillərlə təmin edilmişdir. Qısa müddətdə  Cocuq Mərcanlı kəndində 150 evdən ibarət  gözəl qəsəbənin , vaxtilə işğal altında olan Şıxarx qəsəbəsinin bərpası, 1170 ailə üçün yeni şəhərciyin salınması Azərbaycanın işğalla barışmayacaq mövqeyinin göstəricisidir.
İctimai xidmət sahəsində Azərbaycanın milli brendi olan “ASANXidmət” mərkəzlərinə bu günə qədər 20 milyona yaxın müraciət olmuş və onların demək olar ki, hamısı öz həllini tapmışdır.

Energetika sahəsində  tarixi hadisələr baş vermiş, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə müqavilənin müddəti 2050-ci ilə qədər uzadılmışdır.
Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilmişdir. “Şahdəniz-2” layihəsinin icrası demək olar ki, yekunlaşmaq üzrədir. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ötən ilin  nəinki ölkəmiz, bölgə və dünya üçün ən mühüm hadisələrindəndir.
Azərbaycan inkişaf etmiş, təhlükəsiz bir ölkə olaraq hər zaman turistlər üçün cəlbedici olmuşdur. Ötən il ölkəmizə gələn xarici turistlərin sayının 20 faiz artaraq 2,7 milyon nəfər təşkil etməsi də bunu sübut edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyinin 14 ili ölkəmizin bütün sahələr üzrə ən uğurlu dövrüdür. Bu müddət ərzində iqtisadiyyatımız 3,2 dəfə artmışdır ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımızın 2,8 dəfə artması isə onu göstərir ki, bizim iqtisadi inkişafımız neftin, qazın istehsalı ilə bağlı deyil, çoxşaxəlidir. Sənaye sahəsi 2,6, kənd təsərrüfatı 1,7, qeyri-neft ixracı isə 4,1 dəfə artmışdır. Ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bu dövrdə sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir.
2 milyona yaxın yeni iş yerinin açılması, maaşların 5, pensiyaların 8 dəfə artması, əhalinin elektrik enerjisi, su və qaz təminatının yaxşılaşdırılması istiqamətində böyük işlərin görülməsi, nəhəng yol tikintisi layihələrinin həyata keçirilməsi, sosial infrastrukturun yüksək standartlar  səviyyəsində qurulması, dövlət başçısının regionlara tez-tez baş tutan səfərləri çərçivəsində müxtəlif təyinatlı obyektlərin açılışları son 14 ildə əldə olunan nailiyyətlərdir.
Qeyri-neft sektorunun inkişafı bu gün prioritetdir. Belə olan halda kənd təsərrüfatı sahələrinin inkişafı əsas vəzifələrdəndir. Dövlət başçısının aqrar bölməyə xüsusi diqqət və qayğısı isə olduqca təqdirəlayiqdir. Kənd təsərrüfatının vergilərdən azad olunması, subsidiyaların ayrılması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin göstərilməsi, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi və rüsumların 2 dəfə aşağı salınması, yoxlamaların dayandırılmasının 2021-ci ilədək uzadılması, yerli istehsalın stimullaşdırılması və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafında mühüm rol oynamışdır.
Kənd təsərrüfatına dövlət dəstəyinin artırılması, ərzaq təhlükəsizliyinin daha da  gücləndirilməsi üçün dövlət büdcəsindən 581 milyon, xüsusi təyinatlı kənd təsərrüfatı texnikalarının alınmasına, əlavə suvarılan torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə  daxil edilməsi tədbirlərinə isə ümumilikdə 786 milyon manat vəsait  yönəldilmişdir. Bu tədbirlərin nəticəsində əkin sahələrində ümumilikdə 1 024 831 nəfər  işlə təmin edilmişdir.
Ötən il baramaçılıq, pambıqçılıq, tütünçülük, sitrus meyvəçiliyi, çayçılıq, çəltikçilik sahələrinin inkişafı sahəsində görülən işlərin  aqrar sektorun və sənayenin inkişafına, regionlarda məşğulluğun və ixrac potensialının artmasına əhəmiyyətli təsiri olmuşdur.
Fındıqçılıq, tütünçülük sürətlə artır. Tütünçülükdə bir yenilik isə ondan ibarətdir ki, ötən ilin dekabr ayında yeni siqaret fabrikinin tikintisinə start verilib. Fabrik bu il işə düşəcək və beləliklə, xaricdən asılılıq azalacaq, ixrac potensialı yaranacaq.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ilbəil artır. Ölkənin bir-birindən mötəbər tədbirlərə ev sahibliyi etməsi də bunu təsdiq edir. Ötən il İslam Həmrəyliyi Oyunları Bakıda keçirildi. Azərbaycanın komanda hesabında birinci yerə layiq görülməsi isə olduqca sevindirici idi.
2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olmuşdur. Dekabrda Bakıda   beynəlxalq konfransın keçirilməsi , burada yüksək səviyyəli  qonaqların iştirakı, dünya liderlərinin təbrik məktubları göstərdi ki, Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, həm də multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkədir.
Bu il müstəqilliyimizin 100 illiyi qeyd olunacaqdır. Bu münasibətlə dövlət başçısı  2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. İl ərzində həm ölkədə, həm də xaricdə bir çox tədbirlər keçiriləcəkdir.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında,  həmçinin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət  Proqramının icrasının 4-cü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı mərkəzi və yerli  icra orqanlarına mühüm tapşırıqlar vermişdir. Tapşırıqların icrası üçün tərtib olunmuş Tədbirlər Planı çox yüksək məsuliyyətlə həyata keçirilməlidir.
İnanıram ki, yevlaxlılar 2018-ci ildə də öz şəhərlərinin sosial-iqtisadi inkişafı sahəsində görüləcək işlərdə, həyata keçiriləcək siyasi kampaniyalarda yaxından iştirak edəcək, hər zaman olduğu kimi, dövlətçiliyimizin möhkəmləndirilməsi işinə layiqli töhfələr verəcək, Prezidentin xalqın rifahına, ölkənin tərəqqisinə  rəvac verən tapşırıq və sərəncamlarından irəli gələn vəzifələri  əzmlə həyata keçirəcəklər.
Çünki gələcəyə böyük inam insan xislətində, insan təbiətindədir, insan qəlbinin əbədi, kövrək ehtiyacıdır. Və biz hamımız İlham Əliyev cənablarına ümidlə baxır və inanırıq ki, O, inamımızı həmişə olduğu kimi yenə doğruldacaq, estafeti ləyaqətlə davam etdirəcəkdir.

Keçidlər